Xəbərlər
Azərbaycanlı alpinist Nepalda ilk dəfə zirvə fəth etdi
Azərbaycanlı alpinist Qərib Tağızadə uzun zamandır hazırlaşdığı, Nepalda yerləşən Aylend Pik zirvəsinə çıxmağa cəhd edib.
14 Aprel 2023-cü il tarixində Qərib Tağızadə və Fariz Rəhimov uzun zamandır hazırlaşdıqları Aylend Pik zirvəsinə çıxmağa cəhd ediblər. 5800 metr yüksəklikdə Fariz Rəhimov oksigen çatışmazlığına görə baza düşərgəsinə qayıtmalı olub.
“Farizi oksigen çatışmazlığına görə 2-ci bələdçi ilə baza düşərgəsinə getməyə razı saldım. Kaş ki, razı salmasaydım. Adam hər 15 dəqiqədən bir ratsiya vasitəsilə məni ruhlandırırdı”. – deyə Qərib Tağızadə sosial şəbəkə hesablarında qeyd edib.
Qərib isə 8 saatlıq texniki zirvə yürüşünü uğurla tamamlayıb, Azərbaycanın şanlı üç rəngli bayrağını zirvədə dalğalandırmağa nail olub. O dəstək olan bütün dostlarına, həmçinin Azərbaycan Alpinizm Federasiyasına, xüsusilə İsrafil Aşurlıya təşəkkürünü bildirib.