Xəbərlər
Braziliyada turistlərin olduğu qayığın üzərinə nəhəng qaya aşıb
Braziliyanın cənub-şərqində yerləşən Furnaş gölündə, şəlalənin altında qayaların bir hissəsinin uçması nəticəsində azı 7 nəfər ölüb.
Braziliyanın cənub-şərqində yerləşən Furnaş gölündə, şəlalənin altında qayaların bir hissəsinin uçması nəticəsində azı 7 nəfər ölüb, daha 20 nəfər itkin düşüb, 32 nəfər isə yaralanıb. Onlardan 9 nəfərinin vəziyyəti ağırdır.
Turistlər göldəki şəlalə ətrafında olarkən, bir daş bloku qəfildən kanyonun divarından qopub və bir neçə gəmiyə çırpılaraq gölün üzərində böyük dalğa yaradıb.
Həyəcanlı anlar mediada və sosial şəbəkələrdə geniş yayılan videoya düşüb. Motorlu qayıqlardan ən azı ikisinin batdığı, digərlərinin isə qaça bildiyi görünür.
Polisin jurnalistlərə verdiyi məlumata görə, daha üç qayığa daş parçaları düşüb. Dağılma yerli vaxtla saat 11:00-da baş verib.
Reuters yazır ki, iki həftə ərzində Braziliyanın şərqindəki Minas-Jerais ştatında güclü yağışlar olub. Xilasedicilərin jurnalistlərə verdiyi məlumata görə, qayanın dağılmasına səbəb bu olub.
İtkin düşənlərin axtarışının nə qədər davam edəcəyi hələlik bildirilməyib.
Furnaş gölü 1958-ci ildə su elektrik stansiyasının tikintisi zamanı yaranıb və məşhur turistik məkan hesab olunur. Göl San-Pauludan təxminən 420 km şimalda yerləşir.