Səyahətçilər

Fatma Qurbanova

Qarış-qarış gəz

Fatma Qurbanova

Təhsili:  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Sosial şəbəkə hesabları:
Instagram: @fatma_gurbanova
Facebook: Fatma Gurbanova

Fatma Qurbanovanın uşaqlığı tez-tez xəbərlərdə “atəşə tutulub” şərhi ilə yer alan Tovuzun Əlibəyli kəndində keçib. 2007-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçsə də, bütün tətilləri kənddə keçərdi.

Sanki məkanlar genişlənib, binalar hündürləşdikcə biz – şəhər sakinləri bir o qədər soyuqlaşırıq. Bu səbəbdən olacaq ki, özünü heç vaxt şəhərə aid hiss etməyib, əsas hədəflərindən biri də işlərini məsafədən idarə edəcək səviyyəyə gətirib şəhərdən uzaqlaşmaqdır.

İxtisasca mexatronika və robototexnika mühəndisidir. Hal-hazırda öz sosial və biznes layihələrini idarə edir.

Səyahət

Səyahət onun üçün hobbi deyil, çətinliklər və mübarizə arasındakı “nəfəs”dir.

Həyatında ilk dəfə təyyarəyə minəndə 21 yaşı var idi. 2017-2018-ci il aralığında EVS (Avropada Könüllülük Proqramı) təqaüdçüsü olaraq Polşada yaşayıb. Həmin dönəmdə Polşa, Ukrayna, Macarıstan, Çexiya, Almaniya, Avstriya, Latviya, Litva kimi ölkələrin onlarla şəhərini gəzmək şansı olub. 10 avro ilə 2 ölkə gəzmiş biri kimi deyir ki, ucuz səyahət etmək istəyirsinizsə, EVS könüllüsündən tövsiyələr almalısınız.

Avropada olarkən təyyarə ilə yox, avtobus, qatar, “BlaBlaCar” (bizim “Yoldostu” kimi) və ya avtostopla səyahət edirdi. Ucuz təyyarə biletləri də tapmaq mümkün idi, amma elə bilirdi ki, o yolları gözü ilə görməsə, çox şey qaçırmış olacaq. Qalmaq üçün isə hostel və ya evlərdən istifadə edirdi.

Ölkə xaricində olmaq isə ona öyrətmişdi ki, nə öz ölkəsini, nə də qonşu ölkələri həqiqətən tanımır. Beləliklə, ölkəyə qayıdan kimi #qarışqarışgəz şüarı ilə həm qonşu ölkələrin şəhərlərini, həm də yerli rayon və kəndlərimizi gəzməyə başladı. İndiyə qədər 50-dən çox yerli və xarici şəhəri görmək imkanı olub. Kəndlərin sayı isə bundan daha çoxdur, əlbəttə.

KitabGəzər

2019-cu ildə İsmayıllıya etdiyi bir səfərdən sonra “KitabGəzər” adlı layihəni təsis etdi. Ucqar kəndlərə etdiyi səfərlər isə daha çox bu layihə ilə başladı. Bu layihə çərçivəsində təhsilin aşağı səviyyədə olduğu və ya resursların əlçatan olmadığı yerləri tapır, həmin yerlərə kitablar, məktəbli ləvazimatları və s. aparırlar. Həmin kəndlərdəki çətin şəraitə baxmayaraq insanların pozitivliyi, qonaqpərvərliyi, adət-ənənələrinə sahib çıxmaları onu hər dəfə özünə heyran edir.

Ölkə xaricində olarkən bəzi təbiət yürüşləri və düşərgələrdə iştirak etsə də, Azərbaycanda xüsusilə pandemiyadan sonra ekoturizmlə maraqlanmağa və səyahətlərini o istiqamətdə etməyə başladı.

Təbiətə qayıdış insanın “öz”ünə qayıdışıdır. Saatlarla dar cığırlarda addımlayır, km-ləri geridə qoyursunuz. Yol sizə səbr etməyi, iradənizi sorğulamağı öyrədir, sizə özünüzü tanıdır. Soyuqla, aclıqla, çətinliklə mübarizə aparırsınız. Şəhərdə böyük komandaları soyuqqanlılıqla idarə edib, dağdakı müvəqqəti aclıqda bütün idarə etməsini itirən şəxslər görüb Fatma. İnsanları yolda, xüsusilə təbiətdə tanımaq mümkündür. Şəhərdə gizlənə bilirik, amma orada yox…

Təbiət ona həm də gözəl dostluqlar, dəyərli insanlar qazandırıb. Özünü olduğu kimi qəbul edən və eləcə də göstərən şəxslərin ətrafında olmaq xüsusi şansdır.

Kiçik qeyd: Getdiyimiz kəndlərdəki insanları incitmədən, onların dəyərlərinə hörmət edərək, eləcə də, təbiətə zərər vermədən, çirkləndirmədən edək bütün səfərlərimizi. Bir dostumun dediyi kimi qonağın biz olduğumuzu unutmayaq.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version