Xəbərlər
Lazada buzadırmanma festivalı keçirildi
Qusar rayonu Laza kəndində Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə uzun aradan sonra buzadırmanma festivalı keçirilib.
Mart ayının 4-5-də Qusar rayonu Laza kəndində Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə uzun aradan sonra buzadırmanma festivalı keçirilib.
Martın 4-də Bakıdan Qusara yola düşən iştirakçılar festivalın ilk günündə Laza kəndində evlərə yerləşdilər. Təşkilatçılar növbəti gün üçün hazırlıq proseslərini həyata keçirdilər.
Festivalın 2-ci günü səhər 9:00-da açılış mərasimi baş tutub. Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı çıxış edərək buzadırmanma festivalının açılışını elan edib. Daha sonra iştirakçılar buzadırmanmaq üçün Suvar şəlaləsinə doğru hərəkət ediblər. Peşəkar alpinist, idarə heyətinin üzvü Rinat Rəhimxanov iştirakçılara ilkin təlimatlarını verdikdə sonra buzadırmanma festivalına start verilib.
Bu da maraqlıdır: Laza kəndində buzadırmanma festivalı keçiriləcək
6 saat davam edən festivalda iştirakçılar öz məharətlərini göstəriblər. Festivalda peşəkar idmançılarla yanaşı ilk dəfə buzadırmanmada özünü sınayanlarda oldu. 9 yaşlı Aslan öz bacarığını mükəmməl şəkildə göstərərək festivalın ən gənc iştirakçısı adını qazandı.
Festival Azərbaycanda qış olimpiya idman növünə namizəd olan buzadırmanmanı inkişaf etdirmək və gəncləri bu növlə məşğul olmağa həvəsləndirmək məqsədini daşıyırdı.
Qeyd edək ki, Azərbaycan Alpinizm Federasiyası belə tədbirləri mütəmadi olaraq davam etdirəcək.