Xəbərlər

“Salam Azərbaycan” və “Şəki – Gözəlliyin sehri” kitabları təqdim olundu

“Baku Marriott Boulevard Hotel”də “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” adlı kitabların təqdimat mərasimi keçirildi.

İyulun 14-də “Baku Marriott Boulevard Hotel”də “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” adlı kitabların təqdimat mərasimi keçirildi. Yeni nəşrlər Mədəniyyət Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İRS” layihəsi çərçivəsində ərsəyə gəlib.

Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov qeyd etdi ki, kitabın təbliği ilə bağlı tədbirlər xüsusi önəm kəsb edir: “İRS” layihəsi Azərbaycan mədəni mirasının dünyaya tanıdılmasına böyük töhfələr verir. Təqdimatına toplaşdığımız “Salam, Azərbaycan!” kitabı ölkəmiz haqqında özündə o qədər müfəssəl məlumatı ehtiva edir ki, onu Azərbaycanın bələdçi kitabı da adlandırmaq olar. Bu nəşrdə xalqımızın adət-ənənəsi, tarixi abidələri, mədəniyyəti, fauna və florası, mətbəxi və ölkəmizin uğurlu inkişafı öz əksini tapıb. Ümid edirik ki, bu cür layihələrin də təsiri ilə Azərbaycana daha çox turist gələcək”.

“Şəki – gözəlliyin sehri” kitabı haqqında söz açan Anar Kərimov dedi ki, nəşr Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Şəki şəhəri barədə dolğun məlumatları özündə əks etdirir.

Mədəni irsimizin bərpasına, mühafizəsinə dövlət səviyyəsində göstərilən diqqəti nəzərə çatdıran nazir bildirdi ki, son illər bu istiqamətdə çoxsaylı layihələr həyata keçirilib. Bu layihələrin böyük bir qismi Prezident İlham Əliyevin qayğısı nəticəsində reallaşdırılıb. Məhz bu qayğının məntiqi davamı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi 2019-cu ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib: “Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsimizin qorunmasına böyük diqqət göstərilir. Ümid edirik ki, gələcəkdə azad edilən ərazilərdəki mədəni irs nümunələri və tarixi abidələr haqqında da kitablar nəşr olunacaq. Bu barədə artıq “İRS” jurnalı ilə danışıqlar aparılır”.

Nazir çıxışının sonunda “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sirri” kitablarının ərsəyə gəlməsində əməyi keçən bütün redaksiya heyətinə minnətdarlığını bildirdi, yaradıcılıq uğurları arzuladı.

“İRS” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru Musa Mərcanlı söylədi ki, “İRS” seriyasından olan kitabların nəşri 2013-cü ildən başlayıb: “Bu müddət ərzində artıq 14 kitab işıq üzü görüb. “İRS” jurnalı isə 20 ildir Azərbaycan mədəniyyətini təbliğ edir. Artıq jurnalımız 17 dildə nəşr olunur. “İRS” seriyasından olan kitablar da həmin jurnallarda vaxtilə çap olunmuş materialların əsasında hazırlanıb”.

Qarabağın azad olunmasından sonra yeni layihələr haqqında düşündüklərini deyən Musa Mərcanlı qeyd etdi ki, “Qarabağın qara kitabı” adlı nəşr artıq hazırdır. Yaxın aylarda kitab oxuculara təqdim olunacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirdi ki, nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü diqqəti cəlb edən “Salam, Azərbaycan!” kitabı ölkəmizin tarixini, mədəniyyətini, təbiətini, mətbəxini və müasir inkişafını işıqlandırır: “Əminəm ki, kitabı oxuyan hər bir azərbaycanlı məmnun qalacaq”.
“Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov vurğuladı ki, Azərbaycanın qədim tarixini, füsunkar təbiətini, çoxəsrlik mədəniyyətini və adət-ənənələrini özündə əks etdirən çap məhsullarının hazırlanması ölkəmizin tanıdılması və təbliği üçün çox önəmlidir. “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” kitablarının hazırlanmasına tarixçilər və xarici mütəxəssislər cəlb də olunub. Gələcəkdə də bu istiqamətdə yeni uğurlu layihələr həyata keçiriləcək.

Daha sonra çıxış edən “İRS Publishing House” nəşriyyatının əməkdaşı İan Peart səkkiz ilə yaxındır “İRS” jurnalı ilə əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Bildirdi ki, gələcəkdə jurnalın nəşrlərinin birində işğaldan azad olunmuş Qarabağ torpağı haqqında məqalə yazmağı qarşısına məqsəd qoyub.

Sonda tədbir bədii hissə ilə davam etdi.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar

Exit mobile version