Xəbərlər
Xəzər dənizində palçıq vulkanı püskürüb
Salyan və Neftçala arasında yerləşən, sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında palçıq vulkanı püskürüb.
4 iyul 2021-ci il tarixində axşam saatlarında Salyan və Neftçala arasında yerləşən, sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında palçıq vulkanı püskürüb.
Ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb. İlkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub.
Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb. Uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur. Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur.