Xəbərlər
Abşeronda “Palçıq Vulkanları Turizm Kompleksi”nin təməli qoyulub
Aprelin 22-də Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Palçıq Vulkanları Turizm Kompleksi Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidə yaradılacaq. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Bu yerin turizm imkanları qiymətləndirildikdən sonra burada turizm kompleksinin yaradılması qərara alınıb. Beləliklə, “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində növbəti turizm infrastrukturunun yaradılması layihəsi icra olunur.
Qeyd edək ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə – əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verdi.
Prezident İlham Əliyev: Buraya gələn qonaq, turist nə görəcək?
Fuad Nağıyev: Konsepsiya ondan ibarətdir ki, kompleksin binası yuxarıdan krater kimi görünəcək. Eyni zamanda, burada emalatxana da fəaliyyət göstərəcək. Uşaqlar üçün dərslər keçəcəyik. Sərgi zalı və kafe də olacaq.
“Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri vardır. Yaxınlıqda yerləşən və dünyanın ən böyük vulkanlarından olan “Torağay”a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər buranın turistik önəmini daha da artırır.
Dövlətimizin başçısı Palçıq Vulkanları Turizm Kompleksinin təməlini qoydu.
Sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur.
Mənbə: AzərTac
-
Jurnal2 il əvvəl
Bazardüzü — Azərbaycanın ən hündür dağ zirvəsi
-
Səyahətçilər3 il əvvəl
Rəna Kərimova
-
Xəbərlər4 il əvvəl
Dünyanın ən hündür 2-ci zirvəsi qışda fəth edildi
-
Jurnal2 il əvvəl
Zəfər zirvəsi — Zəfər Azərbaycanındır!
-
Səyahətçilər3 il əvvəl
Yeganə Cansail
-
Səyahətçilər3 il əvvəl
Orxan Rzayev
-
Xəbərlər4 il əvvəl
Dübrar zirvəsindən VİDEOREPORTAJ — Xızı dağları
-
İdman2 il əvvəl
Futbol 90 dəqiqə deyil…