fbpx
Connect with us

Xəbərlər

Laza kəndində buzadırmanma festivalı keçiriləcək

Laza kəndində buzadırmanma festivalı keçiriləcək

Azərbaycan Alpinizm Federasiyası Qusarın Laza kəndində buzadırmanma festivalı keçiriləcəyini elan edib.

Festival Azərbaycanda qış olimpiya idman növünə namizəd olan buzadırmanmanı inkişaf etdirmək və gəncləri bu növlə məşğul olmağa həvəsləndirmək məqsədini daşıyır və aşağıdakı vəzifələri qarşıya qoyur:

• Azərbaycanda buzadırmanma idman növünü təbliğ və inkişaf etdirmək;

• Yeniyetmə və gəncləri buzadırmanma idman növünə cəlb etmək, istedadlı idmançıları üzə çıxarmaq;

• Festivalın keçirilməsi ölkədə buzadırmanmanın hansı səviyyədə olmasını öyrənməyə və gələcək yarışların keçirilməsi ilə bağlı planları müəyyənləşdirməyə imkan verəcək.

Festival buzadırmanma idmanının sürət və çətinlik dərəcələri üzrə keçiriləcəkdir. 4-5 mart 2023-cü il tarixində keçiriləcək festival, Qusar rayonu ərazisində, Laza kəndinin yaxınlığında yerləşən Suvar donmuş şalaləsində olacaq. Festivalın keçirilməsinə ümumi rəhbərlik və təşkilatçılığı Azərbaycan Alpinizm Federasiyası edir.

Festival idman klublarının və fərdi idmançıların iştirakı ilə keçiriləcək. Festivalda şəhər, rayon, idman cəmiyyətlərini, idman klublarını, dövlət, özəl və ictimai təşkilatları və qurumları təmsil edən 16 yaşdan yuxarı idmançılar iştirak edə bilər.

İştirakçılar festival proqramlarından öz istədiklərini seçə bilərlər. İştirakçılar özləri ilə zəruri şəxsi ləvazimat – sığorta kəməri, kaska, günəş eynəyi, əlcək, buz alətləri, buz caynağı (krampon) götürməlidirlər.

Bu da maraqlıdır: Azərbaycan buzadırmanma üzrə Avropa Kubokunda təmsil olunur

Festivalın proqramı

4 mart
13:00 – Bakıdan çıxış
17:00 – Lazaya çatma və yerləşmə
5 mart
08:30 – 09:00 Qeydiyyat;
09:00 – 09:30 Festivalın açılış mərasimi;
10:00 – 16:00 Festivalın keçirilməsi
16:00 – 16:15 Bağlanış
17:30 – Lazadan çıxış

Festivalın təşkili və keçirilməsi ilə bağlı texniki ləvazimatların təmin olunması və iştirakçıların əraziyə çatdırılması xərcləri Azərbaycan Alpinizm Federasiyası tərəfindən ödənilir. Festivalda iştirak edən nümayəndə heyətlərinin və fərdi idmançıların gecələmə, qidalanma və digər xərcləri ezam edən təşkilatların və şəxslərin öz öhdəsinə düşür.

Festivalda iştirak etmək üçün komandaların sifariş formaları 2 mart 2023-cü il saat 22:00-dək federasiyanın elektron poçt ünvanına (office.aaf2022@gmail.com) və ya federasiyanın 8 Noyabr prospekti 61 ünvanında yerləşən ofisinə təqdim edilməli və ya AAF-ın sosial media hesabında yerləşdirilən elektron forma vasitəsi ilə qeydiyyatdan keçməlidir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar