fbpx
Connect with us

Xəbərlər

Naxçıvanın turizm imkanları nümayiş etdirilir

İyunun 22-də Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə “Nuh diyarı – Naxçıvan” tədbiri çərçivəsində Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətləri və media nümayəndələri Naxçıvana səfər ediblər.

Tədbirin məqsədi Naxçıvan MR-nin turizm destinasiyası kimi qonşu ölkələrdə tanıdılması, sənaye nümayəndələri arasında əməkdaşlıq əlaqələrinin qurulması və muxtar respublika ilə bağlı müştərək turizm məhsullarının hazırlanmasıdır.

İnfoturun ilk günündə iştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Naxçıvan Biznes Mərkəzində keçirilən açılış mərasimi çərçivəsində Azərbaycan, Türkiyə və İranı təmsil edən turizm şirkətlərinin nümayəndələri arasında B2B (Biznesdən biznesə) formatlı görüşlərdə əməkdaşlıq perspektivləri qiymətləndirilib.

Həmçinin hər üç ölkəni təmsil edən assosiasiya rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib.

Yerli və xarici KİV nümayəndələrinin iştirakı ilə təşkil olunan mətbuat konfransında onların maraq doğuran sualları cavablandırılıb.

Daha sonra iştirakçılar Ordubad rayonuna səfər edərək şəhər gəzintisində olublar və rayonun turizm imkanları ilə yaxından tanış olublar.

İyunun 24-dək davam edəcək səfər müddətində turizm şirkətləri və media nümayəndələri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Nuh Peyğəmbərin məzarüstü türbəsi” və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edərək bu məkanlar haqda məlumatlandırılacaqlar.

Onlar, həmçinin Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı ilə tanış olacaqlar.

Qeyd edək ki, “Nuh diyarı – Naxçıvan” tədbiri Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında “2020-2023-cü illər üçün Birgə Fəaliyyət Planı”na əsasən keçirilir.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar