fbpx
Connect with us

Xəbərlər

Şuşa bəyannaməsi Qarabağın turizm potensialından tam istifadəyə imkan yaradacaq

“Türkiyə ilə Azərbaycan arasında imzalanmış “Şuşa bəyannaməsi” Qarabağımızın dirçəlişi üçün mühüm əhəmiyyət kəsb edəcəyinə inanırıq. Bu sənədin Azərbaycan, Türkiyə və digər dost ölkələrə məxsus şirkətlər tərəfindən tariximizin izləri qorunmaqla müasir standartlara uyğun salınacaq Qarabağımızın turizm potensialının da artmasına təsir edəcəyinə əminik”.

Bunu “Report”a açıqlamasında “Şuşa bəyannaməsi”ni şərh edən turizm üzrə ekspert Aqil Ağalarov qeyd edib.

A.Ağalarovun sözlərinə görə, azad edilmiş ərazilərin turizmi yüksək dirçəliş dövrünü yaşayacaq:

“Turizm baxımından Şuşa, Kəlbəcər və Laçının potensialını çox yüksək qiymətləndiririk. Turistlərin bu regionlarda yerləşən qədim daş abidələrə, təbii kaha və şəlalələrə çox böyük maraq göstərdiyini nəzərə almalıyıq. Bu rayonlar həmçinin qış turizmi üçün əlverişli mövqeyə malikdir. Bu isə ölkəmizin qış turizmi üçün potensialını daha da artırır. Əminəm ki, dövlətimizin yürütdüyü uğurlu turizm siyasəti nəticəsində biz bu potensialı maksimum dəyərləndirə biləcəyik.

Proseslər onu göstərir ki, biz tezliklə Azərbaycan və Türkiyə liderləri arasında imzalanan və təkcə region üçün deyil bütün Cənubi Qafqaz üçün əhəmiyyətə malik olan “Şuşa bəyannaməsi”nin müsbət mənada təsirini hiss edəcəyik”.

Ekspert hesab edir ki, Zəngəzur dəhlizinin açılması da regionun turizm potensialından maksimum istifadəyə imkan yaradacaq:

“Belə ki, azad edilmiş ərazilərə çəkilən yeni yol infrastrukturu, Zəngəzur dəhlizinin açılması da iqtisadiyyatın bir sıra sahələri kimi turizmin də gələcək inkişafına müsbət təsir edəcək. Praktika onu göstərir ki, hər bir turizm regionuna qonaqların rahat və tez bir zamanda çatması həmin regionun daha çox turist tərəfindən ziyarət edilməsinə şərait yaradır. Bu isə yol və nəqliyyat infrastrukturundan asılıdır.

Sonda bir daha onu qeyd etmək istəyirəm ki, Türkiyə və Azərbaycanın illərin sınağından keçən dostluq və qardaşlığının bəhrəsi olan “Şuşa bəyannaməsi” regionun hərtərəfli inkişafına yönəlib. Tez bir zamanda regionda olan bütün dövlətlər onun bəhrəsini görəcəklər”.

Continue Reading
ŞƏRH YAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ən çox oxunanlar